SƏNSİZLİK
Gözlərim hər zaman yolunu gözlər,
Sənsiz sevinmərəm, sənsiz gülmərəm.
Demək yalan imiş verdiyin sözlər,
Deyirdin bəs sənsiz qala bilmərəm.
Neyləyim özümlə bacarmıram mən,
Yenə əvvəlkitək sevirəm səni.
Ölüb birdəfəlik qurtarmıram mən,
Həsrətin hər saat öldürür məni.
Bilməzdim sevgidə belə acizəm,
Bir qara qorxudur, dərddir acizlik.
Sənsiz yaşamağa mən çətin dözəm,
Üzüb öldürəcək məni sənsizlik.
Sevgim yetim qalmış bir quzu kimi,
Gecə də, gündüz də mələyir ancaq.
Qırmaq istəyirəm mən bu tilsimi,
Fələk öz bildiyin eləyir ancaq.
Müəllif: Yaqub Kərimi